Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyevin qurub yaratdığı dövlətçiliyimiz əmin əllərdədir

0

  •      Azərbaycan xalqının və dövlətinin tarixinə nəzər salsaq müasir dövrümüzə qədər çox çətin mərhələlər keçmişdir. Həm xaricdən, həm də daxildən dövlətimizi parçalamağa çalışan qüvvələr çox olmuşdur. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Müstəqilliyin ilk illəri xaos və anarxiya ilə yadda qaldı. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan ozamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi.    Hakimiyyətə gəlmiş AXC-“Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi.   Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi – Milli Qurtuluş Günü kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü başlandı. Daxili siyasətdə əldə olunan nəticələrə nəzər salsaq bunu əyani şəkildə görə bilərik.    Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi; Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı; Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı; İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi; İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi; Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı; Ordu quruculuğunda mühüm addımlar atıldı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına başlanıldı. “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar; Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı; Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün BakıTiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanın xarici siyasətində də böyük uğurlara imza atıldı. İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu; Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.    O çətin günlərdən artıq 30 il keçir. Heydər Əliyevin qurub yaratdığı dövlətçiliyimiz artıq əmin əllərdədir. O ocaqda doğulub böyümüş, ulu öndərin davamçısı olan Prezidentimiz İlham Heydər oğlu Əliyev bu gün Azərbaycanı dünyada tanıtdı. 44 günlük müharibə dünya tarixinə Zəfər tarixi kimi həkk olundu. Siyasətlə əldə olunmayan torpaqlarımızı güc yolu ilə işğaldan azad etdi. Bu da onun uzaqgörən siyasəti nəticəsində əldə olundu. Bu gün məhz İlham Əliyevin güclü siyasəti nəticəsində bütün hegemon dövlətlər artıq Azərbaycanla hesablaşmaq məcburiyyətində qalırlar. Bu da ən uğurlu siyasətdir. Biz inanırıq ki, Prezidentimizin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz daha da çiçəklənəcək, inkişaf edəcək. 
    Zərifə MƏMMƏDOVA,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaDünya
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib73 dəfə
    heydər Əliyevin qurub yaratdığı dövlətçiliyimiz əmin əllərdədir

    Maraqlı gələ bilər
    34
    156
    27
    120
    75